Kontentə keç

Mündəricatı göstər

Dünyadan xəbərlər

Dünyadan xəbərlər

Abş

Los-Anceles (Kaliforniya ştatı) şəhəri 1215 kvadrat kilometr sahədə yerləşən 4500-ə yaxın işıqforun hamısını sinxronlaşdırıb. «Nyu-York Tayms» qəzetinin məlumatına əsasən, Los-Anceles «dünyada bunu edən ilk meqapolisdir».

Dünya

Araşdırmalar göstərir ki, 1990—2010-cu illər ərzində dünyada piylənmədən əziyyət çəkənlərin sayı 82 faiz artıb. Artıq çəkidən ölənlərin sayı aclıqdan ölənlərin sayından üç dəfə çoxdur, halbuki aclıq bir çox ölkələrdə hələ də problem olaraq qalır. Aparıcı tədqiqatçılardan biri Məcid Ezzati deyir: «Biz 20 il əvvəl insanların yetərincə yemək tapmadığı dövrdən hətta inkişaf etməkdə olan ölkələrdə belə qidanın həddindən artıq bol, amma sağlam olmadığı bir dövrə gəlib çıxmışıq. Bu da xəstəliklərə gətirib çıxarır».

Miduey Adası

Dünyada «ən qoca quş» hesab edilən Laysan albatrosu artıq neçənci dəfədir ki, kürt yatıb bala çıxardıb. Ana quşun yaşı nə qədər olsa yaxşıdır? O, ilk dəfə 1956-cı ildə, təxminən 5 yaşı olanda halqalanıb, deməli, onun yaşı 60-dan çoxdur. Ömrü boyunca bu quşun uçduğu məsafə haradasa 3—4 millyon kilometrdir, bu isə 4—6 dəfə Aya gedib-gəlməyə bərabərdir.

Cənubi Afrika

Bir araşdırmanın nəticələrinə əsasən, Cənubi Afrika xanımlarının üçdə biri dərilərinin rəngini ağartmaq üçün ağardıcı sabun və kremlərdən istifadə edir. Bu kimi kosmetik vasitələr təhlükəlidir: onlar müxtəlif növ xərçəng xəstəliyinə, depressiyaya, daxili narahatçılığa səbəb ola, böyrəklərə ziyan vura, çapıq və səpgi əmələ gətirə bilər. Ağardıcı vasitələr artıq bir neçə ölkədə qadağan olunub.