Allahın nemətlərini əbədiyyən dadın
Allah İbrahim peyğəmbərə vəd etmişdi ki, «yer üzünün bütün xalqları» onun nəslindən gələn bir şəxsin vasitəsilə mübarək olacaq (Yaradılış 22:18). Söhbət kimdən gedir?
Təxminən 2000 il bundan öncə Allah İbrahim peyğəmbərin nəslindən gələn İsa Məsihə böyük möcüzələr göstərmək gücü vermişdi. Bu möcüzələr İbrahim peyğəmbərə verilən vədin İsa Məsih vasitəsilə yerinə yetəcəyinə dəlalət edirdi (Qalatiyalılara 3:14).
İsa Məsihin möcüzələrini görən insanlar şəksiz inanırdılar ki, Allah onun vasitəsilə bəşəriyyəti mübarək qılacaq. Onun etdiyi möcüzələr həmçinin göstərirdi ki, Allah bəşəriyyətə hansı əbədi nemətləri bəxş edəcək. İsa Məsihin göstərdiyi möcüzələrdən onun necə bir şəxsiyyət olduğunu görə bilərik.
Qayğıkeş idi. İsa Məsih xəstələrə şəfa verirdi.
Bir dəfə cüzama tutulmuş bir nəfər İsa Məsihə yaxınlaşıb onu sağaltmasını xahiş etdi. İsa ona toxunub dedi: «İstəyirəm. Təmizlən. O andaca cüzam keçdi, həmin adam təmizləndi» (Mark 1:40—42).
Əliaçıq idi. İsa Məsih acları doyururdu.
İsa insanların aclıq çəkməsini istəmirdi. Bir neçə dəfə o, az sayda çörəyi və balığı möcüzəvi surətdə çoxaldaraq minlərlə insanı yedizdirmişdi (Mətta 14:17—21; 15:32—38). Hamı doymuşdu, hələ üstəlik artıq da qalmışdı.
Şəfqətli idi. İsa Məsih ölüləri dirildirdi.
Bir dul qadının gözünün ağı-qarası oğlu öləndə İsa Məsihin qadına yazığı gəlib oğlunu diriltmişdi (Luka 7:12—15).