Hülda məqsədinə çatdı
ƏGƏR siz bir neçə il əvvəl İndoneziyanın kiçik adası olan Sangir-Besara səyahət etsəydiniz, orada dənizin sahilində üç bacımızla rastlaşardınız. İnsanlara Allahın Kəlamını öyrətdikləri üçün həmin adada demək olar ki, hamı onları tanıyır. Amma bu dəfə onlar tamamilə başqa bir işlə məşğul idilər.
Əvvəlcə onlar dənizin içinə girib tapdıqları ağır daşları sahilə çıxarırdılar. Bəzi daşlar futbol topu böyüklüyündə olurdu. Sonra bacılar kiçik taxta stulda oturub, çəkiclə daşları toyuq yumurtasından da balaca hissələrə bölürdülər. Ardınca daşları plastik vedrələrə yığırdılar və pilləkənlə evlərinə daşıyırdılar. Axırda bütün daşları böyük torbalara yığırdılar. Bu torbalar yük maşınlarına yüklənirdi. Həmin daşlar yolların tikintisində istifadə olunurdu.
Bu bacılardan birinin adı Hülda idi. Digər bacılardan fərqli olaraq, o bu iş üçün daha çox vaxt ayıra bilirdi. Adətən Hülda qazandığı pulun hamısını ailəsinin zəruri tələbatları üçün xərcləyirdi. Amma bu dəfə o, pulun bir qismini yığmaq qərarına gəldi. İstəyirdi ki, həmin pulla planşet alsın və «JW Library®» tətbiqini istifadə edə bilsin. O başa düşürdü ki, tətbiqdəki videolar və digər materiallar həm təbliğ işində onun əlindən tutacaq, həm də Müqəddəs Kitabı daha yaxşı başa düşməsinə kömək edəcək.
Hülda ay yarım ərzində hər gün bu işə əlavə iki saat vaxt sərf etdi. Qırdığı daşlar kiçik yük maşınının arxasını tam doldurdu. Axır ki, onun planşet almaq üçün əlində kifayət qədər pul oldu.
Hülda bacı deyir: «Bütün günü daş qırmaqdan hər yerim ağrıyırdı, çox yorulmuşdum. Amma planşeti əlimə alanda bütün ağrılarımı unutdum. Artıq təbliğim daha səmərəli olur, görüşlərə daha rahat hazırlaşıram». Həmçinin Hülda deyir ki, pandemiya başlayanda yığıncaqlar virtual formatda keçirildiyi üçün planşetin ona böyük köməyi dəydi. Məqsədinə çatdığı üçün Hülda bacıya görə çox sevinirik.