Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 1

NƏĞMƏ 2 Yehovadır ismin

Yehovaya şərəf verin

Yehovaya şərəf verin

2025-Cİ İLİN AYƏSİ: «Yehovaya adına layiq şərəf verin!» (ZƏB. 96:8).

ƏSAS FİKİR

Məqalədən Yehovaya layiq olduğu şərəfi necə verə biləcəyimizi öyrənəcəyik.

1. Bu gün çoxlarının fikri-zikri nədədir?

 DİQQƏT yetirmisiniz, bu gün insanların çoxunun fikri-zikri ancaq özündədir. Məsələn, bəziləri sosial şəbəkələrdə diqqət mərkəzində olmaq və nailiyyətləri ilə öyünmək üçün hər şeyə əl atırlar. Lakin çox az insan tapılar ki, Yehova Allaha şərəf versin. Bu məqalədə Yehovaya şərəf verməyin nə demək olduğunu və bunu etməyə bizi nələrin təşviq etdiyini öyrənəcəyik. Həmçinin görəcəyik ki, Yehovaya layiq olduğu şərəfi necə verə bilərik və yaxın gələcəkdə Yehova Özü adını necə şərəfləndirəcək.

YEHOVAYA ŞƏRƏF VERMƏK NƏ DEMƏKDİR?

2. Yehova Sina dağında nə etdi? (Həmçinin şəklə baxın.)

2 Müqəddəs Kitabdan görürük ki, Yehova əzəmətli Allahdır. O, İsrail xalqını Misirdən azad edəndən çox keçməmiş heyrətamiz şəkildə Öz calalını göstərdi. Belə bir səhnəni təsəvvür edin: milyonlarla israilli Sina dağının ətəyində Allahın hüzuruna gəlib. Dağın başını qalın bulud alır. Qəflətən şiddətli zəlzələ başlayır, görünür, bu, vulkanik fəaliyyətlə yanaşı baş verir. Xalqın ayaqlarının altında yer titrəyir, göy guruldayır, ildırım çaxır, hər yanı qulaqbatıran şeypur səsi bürüyür (Çıx. 19:16—18; 24:17; Zəb. 68:8). Yehovanın calalını görən israillilərin necə heyrətə gəldiyini bir təsəvvür edin!

Yehova Sina dağında israillilərə Öz calalını əzəmətli şəkildə nümayiş etdirdi (2-ci abzasa baxın)


3. Yehovaya necə şərəf verə bilərik?

3 Bəli, Yehova əzəmətli Allahdır. Bəs insanlara Onun calalını görməyə necə kömək edə bilərik? Bunun bir yolu Onun heyrətamiz gücü və nəcib xüsusiyyətləri barədə danışmaqdır. Digər yolu hər şeyə Yehovanın verdiyi güc sayəsində nail olduğumuzu qəbul etməkdir (Əşy. 26:12). Bu sahədə ən gözəl nümunələrdən biri Davud padşah idi; o, hər zaman Yehovaya şərəf verirdi. İsrail icması qarşısında etdiyi duada o belə demişdi: «Ey Yehova, əzəmət, qüdrət, cah-calal, şan-şöhrət, həşəmət Sənindir, yerdə və göydə nə varsa, hər şey Sənindir». Davud duasını bitirəndən sonra «bütün icma... Yehovaya alqış oxudu» (1 Saln. 29:11, 20).

4. İsa Yehovaya necə şərəf verdi?

4 İsa yer üzündə olarkən hər zaman Yehovaya şərəf verirdi. Məsələn, göstərdiyi möcüzələri Yehovanın sayəsində etdiyini deyirdi (Mark 5:18—20). Bundan əlavə, insanlara Atası haqda danışırdı, onlarla gözəl rəftar edirdi. Bir dəfə İsa sinaqoqda vəz edirdi. Orada içinə cin girmiş bir qadın var idi. Düz 18 il idi ki, cin bu qadına əzab verirdi. Cin onu elə hala salmışdı ki, beli tamam bükülmüşdü və dikəlmirdi. Yazıq qadın! İsa onun halına acıdı, ona yaxınlaşıb nəvazişlə belə dedi: «Bacım, xəstəliyindən qurtuldun». Sonra İsa əllərini onun üzərinə qoydu. Qadın həmin andaca dikəldi və sağaldığına görə «Allaha alqış oxumağa başladı» (Luka 13:10—13). Bu qadın kimi bizim də Yehovaya şərəf vermək üçün çox səbəbimiz var.

YEHOVAYA ŞƏRƏF VERMƏYƏ BİZİ NƏ TƏŞVİQ EDİR?

5. Yehovaya ehtiram bəsləmək üçün hansı səbəblərimiz var?

5 Biz Yehovaya dərin ehtiram bəslədiyimiz üçün Onu şərəfləndiririk. Yehovaya ehtiram bəsləmək üçün çox səbəbimiz var. O, qadir Allahdır, hədsiz gücə malikdir (Zəb. 96:4—7). Xəlq etdiyi hər bir şey Onun hikmətinin böyüklüyündən xəbər verir. O bizə həyat verib, yaşamağımız üçün hər şeylə təmin edir (Vəhy 4:11). O, sədaqətlidir (Vəhy 15:4). Niyyət etdiyi hər şeyə müvəffəq olur və verdiyi vədlərə hər zaman sadiq qalır (Yuş. 23:14). Elə buna görə Ərəmya peyğəmbər Yehova haqda demişdi: «Bütün dünya səltənətlərinin müdrikləri arasında Sənə tay yoxdur» (Ərm. 10:6, 7). Sözsüz, səmavi Atamıza ehtiram bəsləmək üçün səbəbimiz çoxdur. Amma Yehova təkcə ehtirama yox, sevilməyə də layiq Allahdır.

6. Biz nəyə görə Yehovanı sevirik?

6 Biz Yehovanı ürəkdən sevdiyimiz üçün Onu şərəfləndiririk. Yehovanın o qədər gözəl xüsusiyyətləri var ki, Onu sevməyə bilmərik. O, mərhəmət və şəfqət sahibidir (Zəb. 103:8, 13; Əşy. 49:15). Dərdimizə şərikdir, biz əzab çəkəndə O da əzab çəkir (Zək. 2:8). Yehova Onunla dost olmağımız üçün bizə kömək edir (Zəb. 25:14; Həv. 17:27). O bizə lütf göstərir; «əyilib göyə baxır, yerə baxır, məzlumu toz-torpaqdan qaldırır» (Zəb. 113:6, 7). Bu cür Allahı mədh etməmək olar?! (Zəb. 86:12).

7. Hər birimizin qarşısında hansı xüsusi imkan var?

7 İnsanların Yehovanı tanımasını istədiyimiz üçün Onu şərəfləndiririk. Çox adam Yehovanın əslində necə gözəl Allah olduğunu bilmir. Çünki Şeytan Onun haqqında dəhşətli yalanlar yayaraq insanların zehnini kor edir (2 Kor. 4:4). O, insanları inandırıb ki, Allah qisas alandır, bizim nələr çəkdiyimiz Ona maraqlı deyil və dünyadakı əzabların səbəbkarı Odur. Amma biz Yehovanın belə Allah olmadığını bilirik. Yehova haqda yayılan yalanların əsassız olduğunu, Onun necə gözəl Allah olduğunu insanlara demək imkanımız var (Əşy. 43:10). 96-cı məzmur bizi Yehovaya şərəf verməyə təşviq edir. İndi bu məzmurdakı bəzi fikirləri araşdıracağıq. Bu zaman düşünün görün Yehovaya layiq olduğu şərəfi necə verə bilərsiniz.

YEHOVAYA LAYİQ OLDUĞU ŞƏRƏFİ NECƏ VERƏ BİLƏRİK?

8. Yehovanı şərəfləndirməyin bir yolu hansıdır? (Zəbur 96:1—3).

8 Zəbur 96:1—3 ayələrini oxuyun. Yehova haqqında danışmaqla Onu şərəfləndiririk. Bu ayələr Yehovanın xalqını Onun «şəninə nəğmə» oxumağa, «adını tərənnüm» etməyə, «verdiyi qurtuluşu» müjdələməyə, «xalqlara şan-şöhrətini» bəyan etməyə səsləyir. Biz bütün bu üsullarla səmavi Atamızı şərəfləndirə bilərik. Sadiq yəhudilər və birinci əsrdəki məsihilər tərəddüd etmədən insanlara Yehovanın gördüyü yaxşı işlər barədə danışırdı və Onun adını müdafiə edirdi (Dən. 3:16—18; Həv. 4:29). Eyni şeyi biz necə edə bilərik?

9, 10. Ancelinanın hadisəsindən nə öyrənirik? (Həmçinin şəklə baxın.)

9 Birləşmiş Ştatlarda yaşayan Ancelina a adlı bir bacının hadisəsinə baxaq. O, işlədiyi şirkətdə Yehovanın adını cəsarətlə müdafiə etmişdi. Ancelina təzə işə düzələndə digər yeni işçilərlə birlikdə bir görüşə dəvət olunmuşdu. Görüşdə hər kəs özü haqda məlumat verməli idi. Ancelina Yehovanın Şahidi kimi xoşbəxt həyat sürdüyünü göstərmək üçün slayd-şou hazırlamışdı. Onun növbəsi çatana yaxın bir əməkdaşı özünü təqdim edib dedi ki, uşaqlıqdan Yehovanın Şahidi kimi tərbiyə olunub. Sonra o, inanclarımız haqda lağlağı ilə danışmağa başladı. Ancelina deyir: «Ürəyim həyəcandan çırpınırdı. Amma öz-özümə düşündüm: “İndi oturub bu yalanlara qulaq asacağam, yoxsa Yehovanı müdafiə edəcəyəm?”»

10 Əməkdaşı sözünü bitirəndən sonra Ancelina ürəyində qısaca dua etdi. Sonra üzünü ona tutub mülayim şəkildə dedi: «Keçmişimiz bir az oxşayır. Mən də Yehovanın Şahidi kimi böyümüşəm və indiyə kimi də Yehovanın Şahidiyəm». Ab-hava gərgin olsa da, Ancelina təmkinini qorudu və dostları ilə birlikdə ruhani tədbirlərdə çəkdirdiyi gözəl şəkilləri göstərdi. Həmçinin nəzakətli şəkildə etiqadını müdafiə etdi (1 But. 3:15). Bəs nəticə nə oldu? Ancelina təqdimatı bitirənə yaxın həmin insan yumşaldı. Hətta boynuna aldı ki, onun da Yehovanın Şahidi kimi böyüdüyü illərdən xoş xatirələri var. Ancelina deyir: «Yehovanın adını müdafiə etməliyik. O buna layiqdir. Onun necə gözəl Allah olduğu haqda danışmaq şərəfdir». Belə bir şərəf bizə də nəsib olub. İnsanlar Yehovaya hörmətsizlik edəndə biz də Onun adını ucalda bilərik.

Biz Yehovanı dilimizlə şərəfləndirə bilərik (9 10-cu abzaslara baxın) b


11. Yehovanın xidmətçiləri tarix boyu Zəbur 96:8 ayəsində yazılan prinsipə necə əməl ediblər?

11 Zəbur 96:8 ayəsini oxuyun. Biz maddi vəsaitimizlə Yehovanı şərəfləndirə bilərik. Yehovanın xidmətçiləri həmişə Ona bu yolla şərəf veriblər (Məs. 3:9). Məsələn, israillilər məbədin tikintisini və qulluğunu maddi vəsaitləri ilə dəstəkləyirdilər (2 Pad. 12:4, 5; 1 Saln. 29:3—9). İsanın şagirdlərindən bəziləri ona və həvarilərinə qulluq edirdilər, «nələri vardısa onlarla bölüşürdülər» (Luka 8:1—3). Həmçinin birinci əsrdə məsihilər aclıqdan əziyyət çəkən dindaşlarına yardım göndərmişdilər (Həv. 11:27—29). Bu gün biz də ianələrimizlə Yehovaya şərəf verə bilərik.

12. İanələrimiz Yehovaya necə şərəf gətirə bilər? (Həmçinin şəklə baxın.)

12 İanələrimizin Yehovaya şərəf gətirdiyini göstərən bir hadisəyə baxaq. 2020-ci ilin hesabatında Zimbabvedə uzun sürən quraqlığın fəsadları açıqlanmışdı. Milyonlarla insan aclıqdan ölmək təhlükəsi ilə üz-üzə idi. Bu insanlardan biri də Priska adlı bacımız idi. Quraqlığa baxmayaraq, Priska hətta şum vaxtı da, hər çərşənbə və cümə günləri təbliğ edirdi. Qonşuları onun tarlada işləmək əvəzinə təbliğə getdiyinə görə lağ edib deyirdi: «Belə getsə, acından öləcəksən». Priska isə əminliklə belə cavab verirdi: «Yehova heç vaxt Öz xidmətçilərini atmır». Çox keçməmiş o, təşkilatımızdan ərzaq yardımı aldı. Bu yardım hər birimizin etdiyi ianələr sayəsində mümkün olmuşdu. Priskanın qonşuları buna məəttəl qalıb demişdilər: «Doğrudan da, Allahın səni atmadı. Biz də Onu yaxından tanımaq istəyirik». Bacımızın yeddi qonşusu ibadət görüşlərimizə qatılmağa başladı.

Biz maddi vəsaitimizlə Yehovanı şərəfləndirə bilərik (12-ci abzasa baxın) c


13. Davranışımızla Yehovaya necə şərəf gətirə bilərik? (Zəbur 96:9).

13 Zəbur 96:9 ayəsini oxuyun. Biz öz davranışımızla Yehovanı şərəfləndirə bilərik. Müqəddəs çadırda və Yehovanın məbədində xidmət edən kahinlərin bədəni, əyin-başı təmiz olmalı idi (Çıx. 40:30—32). Biz də təmizliyimizə diqqət yetirməliyik, amma bundan daha önəmlisi təmiz əməl sahibi olmaqdır (Zəb. 24:3, 4; 1 But. 1:15, 16). Biz var gücümüzlə çalışıb «köhnə şəxsiyyəti», yəni natəmiz düşüncə və əməlləri əynimizdən çıxarmalıyıq. Onun yerinə «yeni şəxsiyyəti» geyinməliyik, bu isə o deməkdir ki, düşüncəmizdən və davranışımızdan Yehovanın uca sifətlərini əks etdirdiyimiz görünməlidir (Kol. 3:9, 10). Yehovanın köməyi ilə hətta ən mənfur işlər görən insan dəyişib yeni şəxsiyyəti geyinə bilər.

14. Cekin hadisəsindən nə öyrəndiniz? (Həmçinin şəklə baxın.)

14 Cek adlı bir nəfərin hadisəsinə baxaq. O, çox qəddar və təhlükəli insan idi. Hətta ona «İblis» ləqəbi verilmişdi. Törətdiyi cinayətlərə görə ona ölüm hökmü kəsilmişdi. Edamını gözlədiyi müddətdə Cek həbsxanaya gələn bir qardaşın onunla Müqəddəs Kitab dərsi keçməsinə razılaşır. Keçmiş əməllərinə baxmayaraq, Cek köhnə şəxsiyyəti əynindən çıxarır və bir müddət sonra vəftiz olunur. Cek o dərəcədə dəyişilmişdi ki, hətta edam günü həbsxana mühafizəçilərindən bəziləri onunla göz yaşları içində sağollaşdılar. Orada işləyən bir serjant demişdi: «Əvvəllər Cek buradakı ən betər məhbus idi, indi isə ən yaxşılardan biridir». Hər həftə həbsxanada ibadət görüşü keçirməyə gələn qardaşlar Cekin edamından sonra görüşdə ilk dəfə iştirak edən bir məhbus görürlər. Görəsən, ibadət görüşünə qoşulmağa onu nə təşviq etmişdi? O, Cekin bu dərəcədə dəyişməsinə məəttəl qalmışdı. Buna görə də bilmək istəyirdi ki, Yehovaya ibadət etmək üçün o nə etməlidir. Bəli, bizim davranışımız səmavi Atamıza şərəf gətirə bilər (1 But. 2:12).

Biz davranışımızla Yehovanı şərəfləndirə bilərik (14-cü abzasa baxın) d


YAXIN GƏLƏCƏKDƏ YEHOVA ÖZ ADINI NECƏ ŞƏRƏFLƏNDİRƏCƏK?

15. Yehova yaxın gələcəkdə adını tam şəkildə necə şərəfləndirəcək? (Zəbur 96:10—13).

15 Zəbur 96:10—13 ayələrini oxuyun. 96-cı məzmurun sonuncu ayələrində Yehovanın adil Hakim və Padşah olduğundan bəhs olunur. Yaxın gələcəkdə Yehova Öz adını necə şərəfləndirəcək? Öz adil hökmləri ilə. Böyük Babil Yehovanın müqəddəs adına ləkə gətirdiyi üçün tezliklə Yehova onun üzərində hökmünü icra edəcək (Vəhy 17:5, 16; 19:1, 2). Böyük Babilin məhv olunduğunu görən insanlardan bəziləri, ola bilsin, bizə qoşulub Yehovaya ibadət edəcək. Sonda, Armageddon müharibəsində Yehova Şeytanın şər dünyasını tamamilə məhv edəcək. Həmin vaxt O Ona qarşı çıxan və adına küfr edən bütün insanları yox edəcək. Onu sevən, Ona itaət edən, Onun adını ucaltmağı özünə şərəf bilən insanlara isə qurtuluş verəcək (Mark 8:38; 2 Salon. 1:6—10). Məsihin minillik hakimiyyəti bitəndə insanlar sonuncu dəfə sınanandan sonra Yehova adının müqəddəsliyini tam şəkildə sübuta yetirəcək (Vəhy 20:7—10). O zaman «sular dənizi doldurduğu kimi, dünya başdan-başa Yehovanın əzəməti barədə biliklə dolacaq» (Həb. 2:14).

16. Siz nə etməyə əzmlisiniz? (Həmçinin şəklə baxın.)

16 Gələcəkdə hər kəsin Yehovaya adına layiq şərəf verdiyini görmək möhtəşəm olacaq! Amma o vaxt gələnə qədər biz əlimizdə olan bütün imkanlardan istifadə edib Yehovanı şərəfləndirə bilərik. Rəhbərlik Şurası bunun vacibliyini göstərmək üçün Zəbur 96:8 ayəsini 2025-ci ilin ayəsi olaraq seçib: «Yehovaya adına layiq şərəf verin!»

Gün gələcək, hər kəs Yehovaya adına layiq şərəf verəcək! (16-cı abzasa baxın)

NƏĞMƏ 12 Uca Allah Yehova

a Bəzi adlar şərtidir.

b ŞƏKLİN İZAHI. Ancelinanın hadisəsi səhnələşdirilib.

c ŞƏKLİN İZAHI. Priskanın hadisəsi səhnələşdirilib.

d ŞƏKLİN İZAHI. Cekin hadisəsi səhnələşdirilib.