KƏDƏRLİ İNSANLARA KÖMƏK
Çətin dönəm
Bəzi mütəxəssislər kədərin müəyyən mərhələlərdən ibarət olduğunu qeyd edir. Bununla belə, hər kəs kədəri bir cür yaşayır. Bəs insanların hisslərini müxtəlif cür ifadə etməsi o deməkdirmi ki, bəzi insanlar əzizlərinin ölümünə görə az kədərlənir, ya da hisslərini boğur? Əsla belə deyil! Bəli, insanın itki ilə barışması və kədərini ifadə etməsi vəziyyətini yüngülləşdirə bilər. Amma kədəri ifadə etməyin bir yox, bir neçə doğru yolu var. Bu məsələdə insanın mədəniyyəti, xasiyyəti, həyat təcrübəsi, eləcə də əziz adamının necə öldüyü böyük rol oynayır.
KƏDƏRİN NƏTİCƏLƏRİ
Ola bilsin, əzizini yenicə itirmiş insan qarşıda onu nələr gözlədiyini bilmir. Bununla belə, çoxlarının yaşadığı hisslər və çətinliklər oxşardır və onları qabaqcadan sezmək mümkündür. Gəlin aşağıdakı hallara nəzər salaq:
Emosional sarsıntı. Ağlamaq, ölən insanın həsrətini çəkmək, ani əhval dəyişikliyi kimi hallar gözləniləndir. Ölən insanla bağlı xatirələr və yuxular insanın dərdini təzələyir. Təzə-təzə insan şokda ola, baş verənlərə inanmaya bilər. Həyat yoldaşı Timonu qəfil itirən Tina adlı bir qadın deyir: «Əvvəl-əvvəl key kimi idim. Heç ağlaya da bilmirdim. Hərdən elə pis olurdum ki, az qala nəfəsim kəsilirdi. Başıma gələnlərə inana bilmirdim».
Narahatçılıq, qəzəb və günahkarlıq hissi. İvan adlı bir nəfər deyir: «24 yaşlı oğlumuz Erikin ölümündən sonra yoldaşım Yolanda ilə mən bir müddət yaman əsəbi idik. Bu vəziyyət bizə qəribə gəlirdi. Çünki heç vaxt əsəbi insan olduğumuzu düşünməmişdik. Həm də özümüzü günahkar hiss edirdik. Fikirləşirdik ki, görəsən, oğlumuzun dərdinə çarə tapmaq üçün daha nəsə edə bilərdik?» Uzun sürən xəstəlik ucbatından həyat yoldaşını itirən Alexandro da özünü qınayır: «Əvvəlcə elə düşünürdüm ki, pis insan olduğum üçün Allah başıma bu qədər bəla gətirir. Sonra da özümü qınamağa başladım, mənə elə gəlirdi ki, bu cür fikirləşməklə Allahı günahlandırıram». Əvvəlki məqalədə adı çəkilən Kostas deyir: «Bəzən Sofiyaya da qəzəblənirdim ki, niyə ölüb?! Sonra buna görə özümü qınayırdım. Axı bu onun günahı deyildi!»
Narahat düşüncələr. Bəzi məqamlarda insanın fikirləri dəyişkən, yaxud yanlış ola bilər. Məsələn, doğmasını təzəcə itirən insana elə gələ bilər ki, mərhumun səsini eşitmək, onu görmək və ya varlığını hiss etmək mümkündür. Yaxud da ona diqqətini bir şeyə cəmləmək, nəyisə yadına salmaq çətin ola bilər. Tina deyir: «Bəzən kiminləsə söhbət edəndə fikrim başqa yerdə olurdu. Beynimdə ancaq Timonun ölümü ilə bağlı hadisələr dolaşırdı. Diqqətimi cəmləyə bilməməyim məni yorurdu».
Təkliyə çəkilmək istəyi. Qəmli insan başqalarının yanında sıxıla, özünü narahat hiss edə bilər. Kostas deyir: «Evli insanların arasında özümü “beşinci təkər” kimi hiss edirdim. Subayların arasında da özümü artıq görürdüm». İvanın həyat yoldaşı Yolanda xatırlayır: «Adi problemlərə görə şikayətlənən insanların arasında olmaq çox çətin idi. Halbuki onların problemi bizimki ilə müqayisəyə belə gəlməz. Uşaqlarının nailiyyətləri haqda danışan insanların da arasında olmaq çox çətin idi. Onlara görə sevinirdim, amma di gəl ki, bu söhbətləri eşitmək olduqca ağır idi. Ərimlə ikimiz də başa düşürdük ki, həyat davam edir. Bununla belə, həyatla mübarizə aparmağa nə istəyimiz, nə də səbrimiz var idi».
Səhhətlə bağlı problemlər. İştahadan kəsilmək, çəki itirmək və yuxusuzluq kədərli insanların əksəriyyətində rast gəlinən hallardır. Aron adlı bir nəfər atasının ölümündən sonrakı bir il haqda belə sözlər
deyir: «Yuxum tamamilə ərşə çəkilmişdi. Hər gecə eyni vaxtda ayılıb atamın ölümü haqda düşünürdüm».Alexandro sağlamlığında müəmmalı problemlər olduğunu xatırlayaraq deyir: «Dəfələrlə həkim müayinəsindən keçsəm də, sağlam olduğumu deyirdilər. Şübhələnirdim ki, məndəki fiziki simptomlar qəm-qüssə ucbatındandır». Nəhayətdə bu simptomlar keçib getdi. İstənilən halda, Alexandronun həkim müayinəsindən keçməsi ağıllı hərəkət idi. Çünki kədər hissi immun sistemini zəiflədə, səhhətdəki problemləri ağırlaşdıra, hətta yeni xəstəliklərə yol aça bilər.
Vacib işlərin öhdəsindən gələ bilməmək. İvan deyir: «Erikin ölüm xəbərini təkcə qohumlara və dostlara yox, həmçinin başqalarına, onun müdirinə və ev sahibinə də bildirməli idik. Üstəlik, çoxlu hüquqi sənədləri doldurmaq, bir yandan da Erikin şəxsi əşyalarını saf-çürük etmək lazım idi. Əqli, fiziki və emosional cəhətdən yorğun olduğumuz vaxtda bütün bunları həll etməli idik».
Bəziləri üçün əsl problem sonradan başlayır. Çünki vaxtı ilə ölən əzizlərinin öhdəsinə düşən işlər artıq onların öhdəsinə düşür. Bunu Tinanın hadisəsindən görmək olar. O bölüşür: «Bank və digər işlərlə bağlı məsələləri həmişə Timo həll edirdi. İndi isə bunları mən etməliydim. Keçirdiyim stress azmış kimi, bu məsuliyyətlər də bir tərəfdən məni stressə salırdı. Düşünürdüm ki, görəsən, bu işlərin öhdəsindən düz-əməlli gələ biləcəyəm?»
Yuxarıda sadalanan emosional, əqli və fiziki problemlər kədər yükünün nə qədər ağır olduğunu göstərir. Bəli, doğmasını itirmək insana dərin yara vurur. Amma qabaqcadan özünü buna hazırlamaq əzizini yenicə itirmiş insana kədər yükündən azad olmağa kömək edə bilər. Bir şeyi də unutmayın ki, kədərin bütün nəticələrini heç də hər kəs dadmır. Əzizini itirmiş insana keçirdiyi kədər hissinin normal olduğunu bilmək də təsəlli verə bilər.
BİR DƏ ÜZÜM GÜLƏCƏK?
Çətin dönəm. Güclü kədər hissi daimi deyil, vaxt gələcək bu ağrı səngiyəcək. Amma bu o demək deyil ki, insan doğmasını tamamilə unudacaq. Sadəcə güclü kədər ağrısı tədricən azalacaq. Bəzən ölən insanla bağlı xatirələr qəfildən yada düşəndə, yaxud müəyyən vaxtlarda, məsələn, evlilik və ölüm ildönümlərində güclü kədər hissi yenidən baş qaldıra bilər. Bununla belə, əksər insanlar özlərini toparlayıb işlərinə, gündəlik həyatlarına davam edirlər. İnsan buna, adətən, ailə üzvlərinin, dostlarının köməyi sayəsində və kədər hissindən qurtulmaq üçün lazımi addımlar atanda müvəffəq olur.
Bu hisslər nə vaxta kimi davam edəcək? Bəzilərində kədər hissi aylarla davam edə bilər. Əksər insanlara isə özlərinə gəlmək üçün bir-iki il vaxt lazım gəlir. Elələri də var ki, onlara daha çox vaxt * lazımdır. Alexandro deyir: «Dərin kədər hissi məni düz üç il rahat buraxmadı».
Təmkinli olun. Diqqəti sabahkı yox, bugünkü problemlərin həllinə cəmləyin, öz həyat tempinizlə yaşayın və unutmayın ki, kədər ağrısı əbədi deyil. Fikirləşin, kədərinizi yüngülləşdirmək və onun mənasız yerə uzanmasının qarşısını almaq üçün bu gün nə edə bilərsiniz?
Güclü kədər hissi yaşamaq təbiidir
^ abz. 17 Tək-tük insan kədərə həddən artıq qərq olur və bu hiss o qədər uzun müddət davam edir ki, bunu ağır, yaxud xroniki kədər adlandırmaq olar. Belə insanlara peşəkar psixoloqların köməyi lazımdır.