İNDONEZİYA
Şərqdə təbliğ işi vüsət alır
1953-cü ildə Peter Vanderhagen İndoneziyaya rayon nəzarətçisi təyin olundu. Onun xidmət ərazisinə bütün ölkə daxil idi. Ərazi şərqdən qərbə təxminən 5100 kilometr, şimaldan cənuba isə 1800 kilometr uzanırdı. Belə bir böyük ərazini gəzib-dolaşarkən Peter qardaşın başına çoxlu sərgüzəştlər gəlmişdi.
1954-cü ildə Peter qardaş İndoneziyanın şərq bölgəsinə səyahət etdi. Bu bölgədə hər cür dinə sitayiş edənlərə rast gəlmək olar. Məsələn, Bali adalarında hindular, Lombok və Sumbavada müsəlmanlar, Floresdə katoliklər, Sumba, Alor və Timorda isə protestantlar üstünlük təşkil edir. Qardaş sınıq-salxaq qayıqla səyahət
edərkən Qərbi Timorun paytaxtı Kupanqa çatana qədər yol boyu adalarda təbliğ edirdi. O bölüşür: «Timorda iki həftə xidmət etdim. Leysanın yağmasına baxmayaraq, özümlə gətirdiyim bütün ədəbiyyatları payladım və bir neçə nəfərlə Müqəddəs Kitab dərsinə başladım. 34 nəfər isə jurnallarımıza abunə oldu». Xüsusi öncüllər maraqlanan adamlara ruhani cəhətdən kömək etdilər və nəticədə, Kupanqda yığıncaq yarandı. İlahi müjdə qonşuluqdakı Roti, Alor, Sumba və Flores adalarına da yayıldı.Kupanqdakı protestant din xadimləri kilsəyə gələnlərin Yehovanın Şahidlərinə qulaq asdıqlarını görəndə paxıllıqları tutdu. Baş keşiş qoca, bir qolu olmayan Tomas Tubulay adlı qalayçıya Yehovanın Şahidləri ilə dərs keçməyi qadağan elədi və xəbərdarlıq etdi ki, əgər öyrəndiklərini başqaları ilə bölüşməyə davam etsə, qan töküləcək. Ancaq Tomas cəsarətlə dedi: «Məsihin əsil davamçısı sənin dediyini deməzdi. Kilsənizə bir də ayaq basmayacağam». Sonradan Tomas fəal müjdəçi, qızı isə xüsusi öncül oldu.
Amma Timordakı din xadimləri Yehovanın Şahidlərini susdurmağa qəti-qərarlı idilər. 1961-ci ildə onların təkidi ilə Dini İşlər Departamenti və yerli hərbi məmurlar ev-ev təbliğə qadağa qoydular. Qardaşlarımız isə sadəcə təbliğ üsullarını dəyişdilər. Onlar mağazalarda və bulaq başında olan camaatla, dəniz sahilində iş görən balıqçılarla, qəbir üstünə gələn ailələrlə söhbət edirdilər. Bir aydan sonra hərbi məmurlar yumşaldı və radio vasitəsilə Timorda din azadlığı elan etdilər. Dini İşlər Departamenti ev-ev təbliğin hələ də qadağan olduğunu bildirəndə qardaşlar bu qanunu yazılı sürətdə tələb etdilər. Rəsmilər bu sənədi təqdim etmədikləri üçün qardaşlar yenidən ev-ev təbliğ etməyə başladılar.
Xüsusi təyinatlı müjdəçilər olan Pit de Yager və Nel, Hans van Vyure və Suzi adlı cütlüklər də 1962-ci ildə Papuaya gələndə Xristian din xadimləri tərəfindən müqavimətlə üzləşdilər. Üç baş nazir bu müjdəçilərə qarşı çıxaraq başqa yerdə təbliğ etmələrini tələb etdi. Din xadimləri kürsüdən, radiodan və yazılı şəkildə Yehovanın Şahidlərini dövlətə qarşı çıxmaqda ittiham edirdilər. Onlar həmçinin müjdəçilərlə dərs keçən kilsə üzvlərini dilə tutmaqla, onlara hədə-qorxu gəlməklə, ya da rüşvət verməklə fikirlərindən daşındırmağa çalışırdılar. Ruhanilər həmçinin icma başçılarına təzyiq göstərirdilər ki, onlar Yehovanın Şahidlərinə qarşı çıxsınlar.
Amma bir icma başçısının dəvəti din xadimlərinin bütün cəhdlərini boşa çıxardı. Hans bölüşür: «İcma başçısı bütün kəndi bir yerə yığandan sonra Pitlə mən iki qısa məruzə ilə təbliğ fəaliyyətimizi izah etdik. Həyat yoldaşlarımız isə səhnəcik şəklində ev-ev təbliğ zamanı qapını necə döydüklərini, içəri necə dəvət aldıqlarını və Allahın Kəlamından qısaca xoş xəbəri necə bölüşdüklərini nümayiş etdirdilər. İcma başçısı və toplaşan camaat təqdimatımızdan razı qaldı və fəaliyyətimizə izin verdi».
Buna oxşar çoxlu hadisələr baş verirdi. Müsəlmanlar təbliğ işinə demək olar ki, mane olmurdular. Təqiblər əsas etibarı ilə Xristian din xadimləri tərəfindən olurdu. Bu, indiyə kimi belədir.
Şəhadət vermək üçün hökmdarların önünə gətirilirlər
İsa Məsih şagirdlərinə demişdi: «Məndən ötrü sizi hökmdarların və padşahların önünə gətirəcəklər. Beləcə, onlara və digər xalqlara şəhadət verəcəksiniz» (Mət. 10:18). Bu sözlər İndoneziyada öz təsdiqini dəfələrlə tapıb.
1960-cı ildə Cakartada tanınmış bir ilahiyyatçı Yehovanın Şahidlərini saxta məsihilər kimi qələmə verən kitab buraxdı. Bu kitabdan sonra çoxlu din xadimləri Yehovanın Şahidlərinə qarşı çıxdılar. Məsələn, bir şəhərin din xadimi Dini İşlər Departamentinə məktub yazaraq Yehovanın Şahidlərini kilsə üzvlərini yoldan çıxarmaqda günahlandırdı. Məsələyə aydınlıq gətirmək üçün məmurlar qardaşlarımızı çağırdılar. Onlar da öz növbəsində sübut-dəlil təqdim etməklə gözəl şahidlik verdilər. Bir dindar məmur öz iş yoldaşlarına məsləhət verib dedi: «Yehovanın Şahidlərini rahat buraxın. Onlar yatmış protestantları yuxudan oyadırlar».
1964-cü ildə Yehovanın Şahidlərinin fəaliyyətinə qadağa qoymaq üçün bir qrup protestant keşiş Dini və Sosial İşlər üzrə Parlament Komitəsinə müraciət etdi. Bu səbəbdən komitə filialdakı qardaşları çağırdı ki, gəlib özlərini müdafiə eləsinlər. Taqor Hutasoyt bölüşür: «Bir saata yaxın komitə qarşısında çıxış edib maarifləndirmə işimizi ətraflı izah etdik. Əleyhimizə olan bir protestant siyasətçi Papuada dini iğtişaşlara səbəb olduğumuzu deyərək bizi şərlədi. Amma komitənin müsəlman üzvləri mülayim idilər. Onlar bizə dedilər: “Konstitusiya din azadlığını təmin edir. Buna görə də sizin təbliğ etmək hüququnuz var”. Bu görüşdən sonra Papuadakı yüksək rütbəli dövlət məmuru bəyan etdi: “Yeni hökumət... din azadlığını təmin edir və bu, yeni yaranan dinlərə də aiddir”».