MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR
«Aqibətim barədə ciddi düşünməyə başladım»
DOĞULDUĞU İL: 1941
ÖLKƏ: AVSTRALİYA
KEÇMİŞİ: SİQARET VƏ İÇKİ ALUDƏÇİSİ
KEÇMİŞİM.
Mən Yeni Cənubi Uelsin kiçik qəsəbəsi Vorialda böyümüşəm. Burada sakinlər maldarlıqla məşğul olur, eləcə də taxıl və tərəvəz əkib-becərirlər. Qəsəbəmiz təmizdir və çox nadir hallarda burada cinayət törədilir.
Ailəmizdəki on uşaqdan ən böyüyü mən idim, ailənin dolanışığına kömək etmək üçün 13 yaşımdan işləməyə başladım. Savadım az olduğu üçün fermalarda işləyirdim. 15 yaşımda artıq vəhşi atları əhliləşdirən təlimatçı idim.
Fermada işləməyin müsbət və mənfi tərəfləri vardı. Bir tərəfdən gördüyüm işi və təbiəti sevirdim. Gecələr ocaq qalayıb kənarında əyləşir, göydəki ayı, ulduzları seyr edirdim. Axşamın mehi tarlanın xoş ətrini ətrafa yayırdı. Yadımdadır, düşünürdüm ki, yəqin bütün bu gözəllikləri Kimsə yaradıb. Digər tərəfdən fermada bəzi mənfi təsirlərə də məruz qalırdım. İnsanlar tez-tez söyüş söyür, siqaret çəkirdilər. Buna görə də tezliklə mən də siqaret çəkməyə və söyüş söyməyə başladım.
18 yaşım olanda Sidneyə köçdüm. Əsgərliyə getmək istəyirdim, amma orta təhsil almamışdım deyə məni götürmədilər. Onda iş tapdım və bir il Sidneydə qaldım. Həmin vaxt ilk dəfə Yehovanın Şahidləri ilə rastlaşdım. İbadət görüşünə dəvəti qəbul edib getdim. Onların təlimlərini eşidər-eşitməz anladım ki, bu, həqiqətdir.
Lakin çox keçməmiş, əvvəlki işimə qayıtmaq qərarına gəldim. Kvinslend ştatının Qundivindi qəsəbəsinə köçdüm. Burada iş tapdım, ailə qurdum və təəssüflər olsun ki, içkiyə qurşandım.
Bizim iki oğlumuz oldu. Onlar doğulandan sonra aqibətim barədə ciddi düşünməyə başladım. Sidneydə Yehovanın Şahidlərinin ibadət görüşündə deyilənlər yadıma düşdü və hərəkətə keçmək qərarına gəldim.
«Gözətçi qülləsi»nin köhnə sayını tapdım. Üzərində Yehovanın Şahidlərinin Avstraliyadakı filialının ünvanı yazılmışdı. Həmin ünvana məktub yazıb kömək istədim. Məktuba cavab olaraq mehriban və nəzakətli bir Şahid məni ziyarət etdi. Çox keçməmiş, o mənimlə Müqəddəs Kitab dərsinə başladı.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ.
Müqəddəs Kitabı öyrənəndə başa düşdüm ki, həyatımda böyük dəyişikliklər etməliyəm. 2 Korinflilərə 7:1 ayəsi mənə xüsusilə təsir etdi. Bu ayə məni təşviq etdi ki, cismi murdarlayan hər şeydən özümü təmizləyim.
Qərara gəldim ki, siqareti atım və əyyaşlıq etməyim. Amma bu dəyişiklikləri etmək heç də asan deyildi, çünki uzun illərdir belə yaşayırdım. Bununla belə, Allahı razı salan həyat yaşamağa qəti qərarlı idim. Mənə ən çox kömək edən Romalılara 12:2 ayəsindəki bu prinsip oldu: «Bundan sonra bu zəmanəyə uyğunlaşmayın. Əksinə, düşüncənizi yeniləşdirərək büsbütün dəyişin». Başa düşdüm ki, vərdişlərimdən yaxa qurtarmaq üçün düşüncə tərzimi dəyişməliyəm, vərdişlərimə Allahın gözü ilə, yəni zərərli bir şey kimi baxmalıyam. Onun köməyi ilə siqareti tərgitdim, əyyaşlıqdan əl çəkdim.
«Başa düşdüm ki, vərdişlərimdən yaxa qurtarmaq üçün düşüncə tərzimi dəyişməliyəm»
Mənim üçün ən çətini söyüş söyməyi tərgitmək idi. Efeslilərə 4:29 ayəsindəki məsləhəti bilirdim: «Qoy dilinizdən heç bir pis söz çıxmasın». Bununla belə, danışıq tərzimi düzəltmək heç də asan olmadı. Əşiya 40:26 ayəsindəki sözlərin üzərində düşünməyin mənə xeyri dəydi. Ulduzlu səmadan danışan bu ayədə yazılıb: «Başınızı qaldırıb göylərə baxın, bütün bunları kim yaradıb? Göylərin ordusunu sayı ilə Çıxaran! O, onların hər birini adı ilə çağırır. Onun hədsiz qüvvəsi, möhtəşəm gücü sayəsində bircəciyi də əskilmir». Düşünürdüm ki, əgər Allah zövq ala-ala seyr etdiyim Kainatı yaratmaq qüdrətinə malikdirsə, onda mənə dəyişməyə də güc verə bilər. Çoxlu dua etməklə və çalışmaqla nəhayət dilimi yüyənləməyi bacardım.
MƏNƏ FAYDASI.
At təlimatçısı işlədiyim müddətdə demək olar ki, insanlarla danışmaq imkanım olmurdu, çünki ətrafda az adam var idi. Amma Yehovanın Şahidlərinin ibadət görüşlərində aldığım təlimlər sayəsində fikrimi ifadə etməyi öyrəndim. Üstəlik, bu təlimlər mənə Allahın Padşahlığı haqqında xoş xəbəri insanlarla bölüşmək imkanı verdi (Mətta 6:9, 10; 24:14).
Artıq bir neçə ildir ki, ağsaqqal kimi xidmət edirəm. Dindaşlarıma kömək etmək imkanı mənim üçün şərəfdir. Ən böyük nemət isə əziz həyat yoldaşım və gözəl övladlarımla birgə Yehovaya xidmət etməkdir.
Yehovaya minnətdaram ki, mənim kimi savadsız adama bilik verdi (Əşiya 54:13). Məsəllər 10:22 ayəsindəki sözlərlə tamamilə razıyam. Orada deyilir: «Yehovanın verdiyi bərəkətdir insana sərvət gətirən». Ailəlikcə ən böyük arzumuz Yehova Allahı daha yaxından tanımaq və Ona əbədiyyən xidmət etməkdir.