FƏSİL 16
İbadət uğrunda qeyrət
-
PEYĞƏMBƏR MƏBƏDİ TƏMİZLƏYİR
Qanədəki toy məclisindən sonra İsa, anası və ögey qardaşları Yaqub, Yusif, Şimon və Yəhuda Kəfərnahuma gedirlər.
Görəsən, İsa nə üçün ora gedir? Bu şəhər başqa şəhərlərdən daha böyükdür, həmçinin Nasirə və Qanə şəhərlərinə nisbətən daha əlverişli ərazidə yerləşir. Üstəlik, İsanın şagirdlərinin əksəriyyəti Kəfərnahumda və onun ətrafında yaşayır. Beləcə, İsanın onlara bəzi təlimləri elə öz el-obalarında vermək imkanı olacaq.
İsa Kəfərnahumda olduğu müddətdə çoxlu möcüzələr göstərir. Beləcə, şəhər əhli və ətraf ərazilərdəki camaat onun işləri haqda eşidir. Bir mömin yəhudilər kimi İsa və şagirdləri eramızın 30-cu ilində keçirilən Pasxa bayramını qeyd etmək üçün Yerusəlimə getməyə hazırlaşırlar.
Yerusəlimdə məbəddə şagirdləri onu başqa bir yöndən tanıyıb mütəəssir olurlar.
Allahın Qanununa əsasən, israillilər məbəddə heyvan qurbanı kəsməli idilər. Yerusəlimə gələnlərə orada qaldıqları müddətdə yeməyə ərzaq lazım idi. Qanun yol verirdi ki, uzaqdan gələnlər özləri ilə pul götürüb şəhərdə qaldıqları müddətdə «qaramal, qoyun, keçi» və digər lazım olan şeylər alsınlar (Qanunun təkrarı 14:24—26). Yerusəlimdəki alverçilər isə düz məbədin həyətində quş və heyvan bazarı açıblar. Üstəlik, qiymətləri qaldırıb adamları soyurlar.
İsa Məsih bunu görəndə çox hirslənir. Sərrafların masalarını çevirib pullarını yerə dağıdır və hamını qovur. O deyir: «Yığışdırın bunları buradan! Bəsdirin Atamın evini bazara çevirdiniz!» (Yəhya 2:16).
İsanın şagirdləri bunu görəndə Müqəddəs Yazılarda deyilən «Sənin evin üçün çəkdiyim qeyrət məni yandırıb-yaxacaq» sözlərini xatırlayırlar. Yəhudilər isə soruşurlar: «Hansı əlamətlə bizə sübut edə bilərsən ki, bunları etməyə ixtiyarın var?» İsa cavab verir: «Bu məbədi dağıdın, mən onu üç günə tikərəm» (Yəhya 2:17—19; Zəbur 69:9).
Yəhudilər elə bilirlər ki, İsa məbədin binasından danışır, buna görə də deyirlər: «Bu məbəd qırx altı ilə tikilib, sən onu üç günə necə tikəcəksən?» (Yəhya 2:20). Ancaq İsa məbəd deyərkən öz bədənini nəzərdə tuturdu. Üç il sonra İsa ölüb diriləndə bu sözlər şagirdlərin yadına düşür.