Lavililər 11:1—47
-
Halal və haram heyvanlar (1—47)
11 Sonra Yehova Musaya və Haruna dedi:
2 «İsrail oğullarına belə deyin: “Yer üzündəki canlılardan
3 yalnız dırnağı ikiyə bölünüb ortasında ara olan və gövşəyən heyvanların ətini yeyə bilərsiniz.+
4 Ancaq gövşəyən, yaxud dırnağı ikiyə bölünən heyvanlardan bunların ətini yemək haramdır: dəvənin, çünki gövşəsə də, dırnağı tam bölünməyib. O, sizin üçün napak sayılır.+
5 Qayadovşanının+, çünki gövşəsə də, dırnağı ikiyə bölünməyib. O, sizin üçün napak sayılır.
6 Dovşanın, çünki gövşəsə də, dırnağı ikiyə bölünməyib. O, sizin üçün napak sayılır.
7 Donuzun+, çünki dırnağı ikiyə bölünüb ortasında ara olsa da, gövşəmir. O, sizin üçün napak sayılır.
8 Onların nə ətini yeməlisiniz, nə də leşinə toxunmalısınız. Onlar sizin üçün napak sayılır.+
9 Suda yaşayan canlılardan istər dənizdə, istərsə də çayda yaşayıb üzgəcləri və pulcuqları olanlar sizə halaldır.+
10 Dənizdə, çayda qaynaşan canlıların və digər su heyvanlarının içindən üzgəci və pulcuqları olmayanlar sizin üçün iyrənc olmalıdır.
11 Onların ətini yeməməli, leşindən də ikrah etməlisiniz. Onlar sizin üçün iyrənc olmalıdır.+
12 Suda yaşayan canlılardan üzgəci və pulcuqları olmayan bütün heyvanlar sizin üçün iyrənc olmalıdır.
13 Qanadlı məxluqların içində iyrənc və haram olanlar, ikrah etməli olduğunuz heyvanlar bunlardır: qartal+, çay qaranquşu, qara kərkəs,+
14 qırmızı çalağan, qara çalağanın bütün növləri,
15 quzğunun bütün növləri,
16 dəvəquşu, bayquş, qağayı, şahinin bütün növləri,
17 dam yapalağı, qarabatdaq, qulaqlı bayquş,
18 qu quşu, qutan, kərkəs,
19 hacıleylək, vağ quşunun bütün növləri, şanapipik və yarasa.
20 Dörd ayaq üstə yeriyən, qaynaşan qanadlı həşəratların hamısı sizin üçün iyrənc olmalıdır.
21 Dörd ayaq üstə yeriyən, qaynaşan qanadlı həşəratlardan sıçramaq üçün uzun ayaqları olanları yeyə bilərsiniz.
22 Bunlar sizə halaldır: köçəri çəyirtkələrin müxtəlif növləri və digər yeməli çəyirtkələr,+ sisəylər və cırcıramalar.
23 Dörd ayaq üstə yeriyən, qaynaşan qanadlı həşəratların qalanları isə sizin üçün iyrənc olmalıdır.
24 Onları yesəniz, murdar olacaqsınız. Kim onların ölüsünə toxunsa, axşama qədər murdar olacaq.+
25 Onların ölüsünü əlinə götürən adam paltarını yumalıdır;+ o, axşama qədər murdar olacaq.
26 Dırnağı ikiyə bölünən, lakin ortasında ara olmayan və gövşəməyən heyvanlar sizin üçün napak sayılır. Onlara toxunan murdar olacaq.+
27 Dördayaqlıların içində pəncəsi üstündə gəzən bütün canlılar sizin üçün napak sayılır. Onların leşinə toxunan axşama qədər murdar olacaq.
28 Onların leşini götürən adam paltarını yumalıdır;+ o, axşama qədər murdar olacaq.+ Onlar sizin üçün napak sayılır.
29 Yerdəki sürünən canlıların arasında bunlar sizin üçün napak sayılır: köstəbək, siçan+, kərtənkələnin bütün növləri,
30 gekkon, çöl kərtənkələsi, triton, qum kərtənkələsi, buqələmun.
31 Bu qaynaşan canlılar sizin üçün napak sayılır.+ Onların leşinə toxunan axşama qədər murdar olacaq.+
32 Onlardan hansınınsa leşi istər taxta qab, istər paltar, istər dəri, istərsə də çul olsun, nəyin üstünə düşürsə düşsün, həmin şey murdar sayılacaq. İşlənən hər qab suyun içinə qoyulmalıdır. O, axşama qədər murdar olacaq, sonra isə pak sayılacaq.
33 Leş saxsı qabın içinə düşərsə, içində nə varsa murdar olacaq. Qabın özü isə sındırılmalıdır.+
34 Bu qabdan yeməli bir şeyin üstünə su tökülsə, həmin şey murdar olacaq, yaxud hər hansı qabdakı içməli bir şeyin içinə düşsə, içki murdar olacaq.
35 Leşin düşdüyü hər şey murdar olacaq. Həmin şey təndir və ya soba olsa, uçurdulmalıdır. Bu heyvanların leşi sizin üçün murdardır və murdar olaraq da qalacaq.
36 Bircə çeşmə və çarhovuzun suyu pak qalacaq, lakin leşə toxunan murdar olacaq.
37 Leş əkin üçün ayrılmış toxumun üstünə düşərsə, toxum murdarlanmayacaq.
38 Amma leşdən nə isə isladılmış toxumun üstünə düşərsə, o, sizin üçün murdar olacaq.
39 Əti yeyilən heyvan ölərsə, onun leşinə toxunan axşama qədər murdar olacaq.+
40 Həmin heyvanın ətindən yeyən paltarlarını yumalıdır; o, axşama qədər murdar olacaq.+ Heyvanın leşini daşıyan adam da paltarlarını yumalıdır; o da axşama qədər murdar olacaq.
41 Yerdəki bütün sürünən heyvanlar iyrəncdir,+ onları yemək olmaz.
42 Qarnı üstündə sürünən, dörd ayaq üstə yeriyən və yer üzündə qaynaşan çoxayaqlı canlılar sizə haramdır, çünki onlar iyrəncdir.+
43 Sürünən canlıları yeyib özünüzü iyrənc hala salmayın. Özünüzü onlarla murdarlamayın,+
44 çünki Mən Yehova sizin Allahınızam.+ Pak qalıb müqəddəs olun,+ çünki Mən müqəddəsəm.+ Beləliklə, yer üzündə sürünən heç bir canlı ilə özünüzü murdarlamayın.
45 Mən Allahınız olmaq üçün sizi Misirdən çıxaran Yehovayam.+ Mən müqəddəsəm,+ buna görə siz də müqəddəs olmalısınız.+
46 Bu, heyvanlara, qanadlı məxluqlara, sularda yaşayan canlılara, yerdə qaynaşan məxluqlara dair qanundur.
47 Onun sayəsində siz pakı napakdan, halal heyvanı haramdan ayıracaqsınız”».+