Məttanın yazdığı müjdə 6:1—34

  • DAĞÜSTÜ VƏZ (1—34)

    • Salehliyinizi nümayiş etdirməkdən çəkinin (1—4)

    • Necə dua etməli (5—15)

      • Nümunə üçün dua (9—13)

    • Oruc (16—18)

    • Yerdəki və göydəki xəzinə (19—24)

    • Qayğı çəkməyin (25—34)

      • Padşahlığı hər şeydən üstün tutun (33)

6  İnsanlar görsün deyə, salehliyinizi onların qabağında nümayiş etdirməkdən çəkinin.+ Yoxsa göydəki Atanızdan mükafat almayacaqsınız.  Buna görə də sədəqə verəndə ikiüzlülər kimi aləmə car çəkmə. İnsanlardan tərif almaq üçün onlar sinaqoqlarda və küçələrdə belə edirlər. Bunu bilin ki, onlar artıq mükafatlarını bütövlüklə alıblar.  Amma sən sədəqə verəndə qoy sol əlin sağ əlinin nə etdiyini bilməsin,  qoy sədəqən gizli qalsın. Onda gizli dərgahından hər şeyi görən Atan sənə əvəzini verəcək.+  Həmçinin dua edəndə ikiüzlülərə bənzəməyin.+ Onlar özlərini insanlara göstərmək üçün sinaqoqlarda və baş küçələrin tinində durub dua etməyi sevirlər.+ Bunu bilin ki, onlar artıq mükafatlarını bütövlüklə alıblar.  Sən isə dua edəndə otağına gir, qapını bağla və gözəgörünməz Atana dua et.+ Onda gizli dərgahından hər şeyi görən Atan sənə əvəzini verəcək.  Dua edəndə başqa xalqlardan olanlar kimi eyni sözləri təkrar-təkrar deməyin. Onlar düşünürlər ki, çox söz deməklə duaları eşidiləcək.  Onlara bənzəməyin, çünki Atanız sizin nəyə ehtiyac duyduğunuzu+ Ondan istəməzdən əvvəl bilir.  Buna görə də bu cür dua edin:+ “Göylərdə olan Atamız, qoy adın+ müqəddəs tutulsun.+ 10  Qoy Padşahlığın gəlsin.+ Qoy Sənin iradən+ göydə olduğu kimi, yerdə də yerinə yetsin.+ 11  Bu gün bizə bugünlük ruzimizi* ver+ 12  və günahlarımızı* bağışla, necə ki özümüz də bizə qarşı günah işləyənləri* bağışlamışıq.+ 13  Qoyma yolumuzu azaq,+ bizi Şərirdən xilas et”.+ 14  Əgər insanların təqsirlərini bağışlayırsınızsa, göydəki Atanız da sizi bağışlayacaq.+ 15  Lakin onların təqsirlərini bağışlamırsınızsa, Atanız da sizin təqsirlərinizi bağışlamayacaq.+ 16  Oruc tutanda+ daha özünüzü ikiüzlülər kimi pərişan göstərməyin. Camaat onların oruc tutduğunu görsün deyə, özlərini qəmli göstərirlər*.+ Bunu bilin ki, onlar artıq öz mükafatını bütövlüklə alıblar. 17  Sən isə oruc tutanda başına yağ sürt və üzünü yu ki, 18  sənin oruc tutduğunu insanlar yox, gözəgörünməz Atan görsün. Onda gizli dərgahından hər şeyi görən Atan sənə əvəzini verəcək. 19  Daha özünüzə yerdə xəzinə toplamayın.+ Burada onu güvə yeyir və pas xarab edir, oğrular da girib oğurlayır. 20  Əvəzində xəzinənizi göydə toplayın.+ Orada onu nə güvə yeyir, nə pas xarab edir,+ nə də oğrular girib oğurlayır. 21  Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq. 22  Bədənin çırağı gözdür.+ Əgər gözün toxdursa*, bütün bədənin nur içində olacaq. 23  Yox əgər gözün acdırsa*,+ bütün bədənin zülmət içində olacaq. Səndə olan işıq zülmətdirsə, bu zülmət necə də qatıdır! 24  Heç kim iki ağaya qulluq edə bilməz. Ya birinə nifrət edib digərini sevəcək,+ ya da birinə sədaqət göstərib, digərini saymayacaq. Siz həm Allahın, həm də var-dövlətin qulu ola bilməzsiniz.+ 25  Buna görə sizə deyirəm, “nə yeyəcəyik?”, “nə içəcəyik?” deyə canınızdan ötrü, “nə geyəcəyik?”+ deyə bədəninizdən ötrü daha qayğı çəkməyin.+ Məgər can yeməkdən, bədən geyimdən qiymətli deyil?+ 26  Quşlara fikir verin.+ Onlar nə əkir, nə biçir, nə də anbara məhsul toplayırlar. Bununla belə, sizin göydəki Atanız onları yedizdirir. Məgər siz onlardan qiymətli deyilsiniz? 27  Hansınız qayğı çəkməklə ömrünü bir qarış da olsa, uzada bilər?+ 28  Həmçinin geyimdən ötrü niyə narahat olursunuz? Zanbaqların necə boy atdığına fikir verin. Onlar nə zəhmət çəkir, nə də ip əyirir, 29  amma bunu bilin ki, heç Süleyman+ da bütün cah-calalında bunlardan biri kimi geyinməmişdir. 30  Əgər Allah bu gün var olub sabah ocağa atılacaq çöl otunu belə geyindirirsə, ey az imanlılar, məgər sizi geyindirməyəcək? 31  Buna görə də “nə yeyəcəyik?”, “nə içəcəyik?”, “nə geyəcəyik?”+ deyə heç vaxt narahat olmayın.+ 32  Çünki bütün bunların dalınca başqa xalqlar qaçır. Sizin göydəki Atanız isə bütün bunlara ehtiyac duyduğunuzu bilir. 33  Beləliklə, Padşahlığı və Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutun, onda bütün bunlar sizə veriləcək.+ 34  Buna görə də heç vaxt sabahkı gün üçün narahat olmayın,+ çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək. Hər günün dərdi özünə bəsdir.

Haşiyələr

Hərfən: çörəyimizi.
Hərfən: borclarımızı.
Hərfən: bizə borcu olanları.
Yaxud görkəmlərinə fikir vermirlər.
Yaxud gözün bir şeyə cəmlənibsə.
Yaxud gözün çox şeyə cəmlənibsə.