Bağışlamaq nə deməkdir?
Müqəddəs Yazıların cavabı
Bağışlamaq bizə qarşı səhv hərəkət edənin günahından keçmək deməkdir. Allahın Kəlamında «bağışlamaq» kimi tərcümə olunan yunan sözü hərfi mənada «buraxmaq» deməkdir. Bunu insanın kiməsə verdiyi borcu geri istəməməsinə aid etmək olar. İsa Məsih davamçılarına dua etməyi öyrədəndə məhz bu nümunəni gətirmişdi. O demişdi: «Günahlarımızı bağışla, çünki özümüz də bizə qarşı günah iş tutmuş hər kəsi bağışlayırıq» (Luka 11:4). Rəhmsiz nökər məsəlində İsa peyğəmbər bağışlamağı borcu silməklə müqayisə etmişdi (Mətta 18:23—35).
İncikliyi aradan qaldırmaqla və bizə dəymiş zərərin əvəzini tələb etməməklə biz insanı bağışlamış oluruq. Müqəddəs Kitabda deyilir ki, bağışlamağın əsasında məhəbbət durur, çünki məhəbbət «ona edilən pisliyin hesabını tutmur» (1 Korinflilərə 13:4, 5).
Bağışlamaq o demək deyil ki,..
...səhvlərə göz yummalısan. Müqəddəs Kitabda pisə yaxşı deyən insan mühakimə olunur (Əşiya 5:20).
...heç nə olmamış kimi özünü aparmalısan. Allah Davud padşahın günahlarını bağışlasa da, onu etdiyi hərəkətlərin nəticələrindən qorumadı. Bundan savayı, Allah onun günahlarını hətta qələmə də aldırıb (2 İşmuil 12:9—13).
...başqaları səndən istifadə etməlidir. Təsəvvür et kiməsə borc pul vermisən, amma o, pulu sağa-sola xərcləyir və qaytara bilmir. O, çox peşmandır və səndən üzr istəyir. Sən ona qarşı kin saxlamamaqla, hər dəfə bu söhbətə qayıtmamaqla və, ola bilsin, borcu tamamilə silməklə o insanı bağışlamış olursan. Ancaq eyni zamanda bir daha ona borc pul verməyəcəyinə qərar verə bilərsən (Zəbur 37:21; Məsəllər 14:15; 22:3; Qalatiyalılara 6:7).
...peşman olmayan insanın günahından keçməlisən. Allah bilərəkdən günah işləyən, səhvini boynuna almayan, tövbə etməyən və zərər verdiyi insanlardan üzr istəməyən adamı bağışlamır (Məsəllər 28:13; Həvarilərin işləri 26:20; İbranilərə 10:26). Bu cür insan Allahın düşməninə çevrilir. Və Yaradanımız bizdən bağışlamadığı insanı bağışlamağı tələb etmir (Zəbur 139:21, 22).
Bəs əgər səninlə çox pis rəftar edən insan nəinki üzr istəmək, heç səhvini belə, boynuna almaq istəmirsə, onda necə? Allahın Kəlamı məsləhət görür: «Qəzəbi burax, hiddətdən çəkin» (Zəbur 37:8). Sən həmin hərəkəti unutmaqla qəzəbin ürəyində kök salmasına yol verməyəcəksən. Əmin ol ki, Allah o insanı mütləq sorğu-suala çəkəcək (İbranilərə 10:30, 31). Üstəlik, elə bir vaxt gələcək ki, indi bizi boğan hisslər həmişəlik bizi rahat buraxacaq (Əşiya 65:17; Vəhy 21:4).
...hər şeyə görə küsüb sonra da bağışlamalısan. Elə olur ki, biz kimdənsə inciyirik, amma sən demə buna heç əsas da yox imiş. Müqəddəs Kitabda deyilir: «Küsəyən olma, inciklik axmaqların köksündə yuva salır» (Vaiz 7:9, haşiyə).
Bağışlamaq üçün:
Bağışlamağa nə daxil olduğunu unutma. Bağışlamaqla sən səhv hərəkətə göz yummursan və yaxud heç nə olmamış kimi davranmırsan, sadəcə olanları unudursan.
Bağışlamağın faydası haqqında düşün. Bağışlamaq qəlb rahatlığını qorumağa, səhhətini yaxşılaşdırmağa və sevincini artırmağa kömək edəcək (Məsəllər 14:30; Mətta 5:9). Ən əsası isə, sən başqalarını bağışlasan, Allah da sənin günahlarını bağışlayacaq (Mətta 6:14, 15).
Anlayış göstər. Hamımız günahlıyıq (Yaqub 3:2). Kimsə bizim səhvlərimizi bağışlayanda buna çox sevinirik. Buna görə biz də başqalarının səhvlərini bağışlamalıyıq (Mətta 7:12).
Dərrakəli ol. Şikayət etməyə səbəbimiz olsa da, Müqəddəs Kitabda yer alan məsləhəti tətbiq etmək yaxşı olardı. Orada deyilir: «Bir-birinizə qarşı həmişə səbirli olun» (Koloslulara 3:13).
Vaxt itirmə. Kin səni ələ almamış bacardığın qədər tez bağışla (Efeslilərə 4:26, 27).