Kontentə keç

Müqəddəs Kitab təhrif olunub?

Müqəddəs Kitab təhrif olunub?

 Xeyr! Qədim əlyazmaları bir-biri ilə tutuşdurarkən aydın olmuşdur ki, min illər ərzində dayanıqsız materiallar üzərinə köçürülməsinə baxmayaraq, o təhrif olunmayıb.

Bəs bu, o deməkdirmi ki, köçürülmə zamanı heç bir səhvə yol verilməyib?

 Müqəddəs Kitabın minlərlə qədim əlyazmaları tapılıb. Onların bəzilərində müəyyən fərqlər aşkarlanıb. Bu da onu göstərir ki, köçürülmə vaxtı müəyyən səhvlərə yol verilmişdir. Bu fərqlərin əksəriyyəti cüzidir və mətnin mənasına təsir etmir. Lakin bir neçə mühüm fərq də aşkarlanmışdır. Fərqlərin bəziləri Müqəddəs Kitab təlimlərinə qəsdən edilən müdaxilələrdir. Gəlin iki nümunəyə nəzər salaq.

  1.   Müqəddəs Kitabın bəzi köhnə tərcümələrində 1 Yəhya 5:7 ayəsində növbəti sözlərə rast gəlinir: «Səmada Ata, Söz və Müqəddəs Ruh [var]: bunların üçü də birdir». Halbuki tapılmış mötəbər əlyazmalardan görmək olar ki, orijinal mətndə bu sözlər olmayıb. Onlar sonradan əlavə olunub a. Buna görə də həmin sözlər müasir tərcümələrdən çıxarılıb.

  2.   Müqəddəs Kitabın qədim əlyazmalarında Allahın adına bir neçə min dəfə rast gəlinir. Lakin bəzi Müqəddəs Kitab tərcüməçiləri bu adı «Rəbb», «Allah» sifətləri ilə əvəz etmişlər.

Necə əmin ola bilərik ki, Müqəddəs Kitabda hələ aşkarlanmamış başqa səhvlər yoxdur?

 Bu gün əlimizdə Müqəddəs Kitabdakı səhvləri asanlıqla aşkar edə biləcəyimiz çoxlu əlyazmalar var b. Bu əlyazmaları bir-biri ilə tutuşdurduqda Müqəddəs Kitabın müasir tərcüməsinin dəqiqliyi barədə hansı qənaətə gəlmək olar?

  •   Uilyam Qrin adlı alim Tövratın (Əhdi-Ətiq) mətni ilə bağlı belə şərh vermişdir: «Əminliklə demək olar ki, qədim dövrə aid heç bir kitab dövrümüzə bu qədər dəqiqliklə gəlib çatmayıb».

  •   Müqəddəs Kitab üzrə mütəxəssis F. F. Bryus İncil (Əhdi-Cədid) barədə növbəti sözləri yazmışdır: «Əhdi-Cədid mətnlərinin səhihliyini təsdiq edən dəlillər bir çox klassik yazarların əsərlərini təsdiqləyən dəlillərdən qat-qat güclüdür, hərçənd həmin əsərlərin səhihliyini şübhəyə almaq heç kimin ağlına da gəlməz».

  •   Müqəddəs Kitabın əlyazmaları üzrə qabaqcıl mütəxəssis Frederik Kenyon deyir: «Müqəddəs Kitabı əlinə alan şəxs əminliklə deyə bilər ki, nəsildən-nəslə ötürülərək heç bir ciddi məna dəyişikliyinə uğramayan bu kitab həqiqətən Allahın Kəlamıdır».

Müqəddəs Kitab mətninin dəqiqliklə ötürüldüyünə dair əminliyimizi daha nələr artırır?

  •   Yəhudi və məsihi köçürücülər Allahın xalqının günahlarını ortaya çıxaran mətnləri dəyişiklik etmədən köçürmüşlər c (Saylar 20:12; 2 İşmuil 11:2—4; Qalatiyalılara 2:11—14). Eynilə, yəhudi xalqının itaətsizliyinin və insan təlimlərinin ifşa olunduğu hissələr olduğu kimi saxlanılmışdır (Huşə 4:2; Məlaki 2:8, 9; Mətta 23:8, 9; 1 Yəhya 5:21). Mətni dəqiqliklə köçürməklə bu etibarlı köçürücülər Allahın Kəlamına dərin hörmət bəslədiklərini göstərmişlər.

  •   Məgər Kəlamı nazil edən Allah onu təhrif olunmaqdan qorumağa qadir deyil? d (Əşiya 40:8; 1 Butrus 1:24, 25). Axı Allah bu kitabı təkcə keçmişdə yaşamış bəndələri üçün yox, həm də bizim faydalanmağımız üçün yazdırıb (1 Korinflilərə 10:11). Müqəddəs Kitabda deyilir: «Əvvəlcədən yazılanların hamısı bizə nəsihət olaraq yazılıb ki, dözüm sayəsində və Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun» (Romalılara 15:4).

  •   İsa Məsih və onun davamçıları Tövratın əlyazmalarına şübhə etməyərək onlardan rahat sitat gətirirdilər (Luka 4:16—21; Həvarilərin işləri 17:1—3).

a Sinay, İsgəndəriyyə və Vatikan (1209) kodekslərində, Latın Vulqatasının orijinal mətnində, arami tərcümələri olan Filokseniya, Herakliy və Suriya Peşittasında həmin sözlərə rast gəlinmir.

b Məsələn, İncil (Əhdi-Cədid) kimi tanınan yunan əlyazmalarının 5000-dən çox nüsxəsi tapılmışdır.

c Müqəddəs Kitabda Allahın xidmətçilərinin kamil olduqları deyilmir. Orada yazılıb: «Elə adam yoxdur ki, günah etməsin» (1 Padşahlar 8:46).

d Müqəddəs Kitabda deyilir ki, Allah həmişə sözünü diqtə yolu ilə yazdırmasa da, Kəlamdakı hər kəlmə Onun rəhbərliyi ilə yazılıb (2 Timutiyə 3:16, 17; 2 Butrus 1:21).