Kontentə keç

Yehovanın Şahidlərinin nümayəndələri alternativ mülki xidmət proqramını müzakirə etmək üçün Cənubi Koreyanın İnsan Hüquqları üzrə Dövlət Komissiyasının sədri ilə görüşüb. Görüşdən sonra komissiya məsələ ilə bağlı bəyanat yayıb

27 YANVAR 2022
CƏNUBİ KOREYA

Cənubi Koreyanın İnsan Hüquqları üzrə Dövlət Komissiyası alternativ mülki xidmətin şərtlərini yaxşılaşdırmağa çağırır

Cənubi Koreyanın İnsan Hüquqları üzrə Dövlət Komissiyası alternativ mülki xidmətin şərtlərini yaxşılaşdırmağa çağırır

Cənubi Koreyanın İnsan Hüquqları üzrə Dövlət Komissiyasının sədri ölkədə tətbiq edilən alternativ mülki xidmətin insan hüquqları üzrə beynəlxalq normalara cavab vermədiyi barədə bəyanat yayıb.

Cənubi Koreyanın İnsan Hüquqları üzrə Dövlət Komissiyasının a yeni sədri cənab Son Du-hvan 2 dekabr 2021-ci il tarixində qurumun rəsmi saytında bildirdi ki, alternativ mülki xidmətin şərtlərində dəyişikliklərin edilməsinə ehtiyac var. Cənubi Koreyada alternativ mülki xidmət 26 oktyabr 2020-ci il tarixindən tətbiq edilir.

Son Du-hvan bildirib: «Alternativ mülki xidmət sistemi Konstitusiya Məhkəməsinin 2018-ci ildə çıxardığı qərardan sonra tətbiq edilməyə başladı. Bununla belə, onun insan hüquqları üzrə beynəlxalq normalara uyğunlaşdırılmasına ehtiyacın olduğu fikri ilə tamamilə razıyam...»

Cənab Son Du-hvan bu bəyanatı Yehovanın Şahidlərinin Cənubi Koreya filialının, eləcə də Yehovanın Şahidlərinin Asiya—Sakit Okean Assosiasiyasının nümayəndələri ilə 23 noyabr 2021-ci il tarixində baş tutan görüşdən sonra yayıb. Qardaşlar cənab Son Du-hvana assosiasiyanın hazırladığı «Cənubi Koreyada alternativ mülki xidmət 2021» adlı hesabatı təqdim etmişdilər.

Hesabatda Cənubi Koreyada tətbiq edilən alternativ mülki xidmət sisteminin beynəlxalq standartları pozduğu izah edilir. Alternativ xidmət üç il — hərbi xidmətdən iki dəfə çox davam edir. Üstəlik, onun şərtləri həbs cəzasına bənzəyir. Hərbi xidmətdən imtina edən qardaşlar islah müəssisələrində işləyirlər. Bununla belə, alternativ xidmətin birinci ayı ərzində onlara həbsxananı tərk etməyə icazə verilmir. Sonrakı aylarda oranı ancaq icazə ilə tərk edə bilərlər və saat 21:30-a qədər geri qayıtmalıdırlar.

İnsan Hüquqları üzrə Dövlət Komissiyası hal-hazırda alternativ xidmət keçənlərin xidmət şərtlərinin yaxşılaşdırılması barədə müraciətinə baxır. Komissiyanın qanuna dəyişiklik etmək hüququ olmasa da, qanunverici orqana tövsiyələr vermək səlahiyyəti var.

Cənubi Koreyadakı qardaşlarımızın imanı və mətin qalmaları bizi çox ruhlandırır. Biz əminik ki, Yehova onlara dayaq olacaq (Zəbur 55:22).

a İnsan hüquqlarını müdafiə edən Cənubi Koreyanın İnsan Hüquqları üzrə Dövlət Komissiyası 2001-ci ildə yaradılıb.