Telefon köşkündə Müqəddəs Kitab dərsləri
Braziliyadan olan Dayani Yehovanın Şahididir. O, vaxtının çox hissəsini Yehovaya xidmətə həsr edir. Bir dəfə telefonla təbliğ edərkən o, gənc ər-arvadla danışdı. Müqəddəs Kitabdan öyrəndikləri bu ər-arvada maraqlı gəldi. Onlar Dayaniyə dedilər ki, tezliklə ucqar bir kəndə köçəcəklər. Həmin kənddə nə işıq var, nə də internet. Üstəlik, kənddə bir nəfər də olsun Yehovanın Şahidi yoxdur. Ər-arvad kənddəki telefon köşkünün nömrəsini Dayaniyə verdi ki, Müqəddəs Kitab dərslərini davam edə bilsinlər. Onlar konkret bir gün və vaxt təyin etdilər.
Təyin olunmuş vaxtda Dayani telefon köşkünə zəng etdi və həmin ər-arvad telefona cavab verdi! Növbəti iki həftə ərzində onlar telefon vasitəsilə üç dəfə dərs keçdilər.
Amma sonrakı həftələrdə Dayani zəng edəndə onlar artıq telefona cavab vermirdilər. Buna baxmayaraq, Dayani əllərini yanına salmadı. O, həftədə üç dəfə telefon köşkünə zəng edir və telefona cavab verən kəslərlə Müqəddəs Kitabı müzakirə edirdi. Bunun sayəsində o, kənddən olan bir neçə nəfərlə Müqəddəs Kitab dərsi keçməyə başladı.
Bir gün Dayani əri ilə birgə bir gənc oğlanla telefonda Müqəddəs Kitab dərsi keçirdi. Bu vaxt kənd kilsəsinin rəhbəri onların söhbətini eşitdi. Danışdıqlarını yaxşı eşitmək üçün o, gəncin yanında dayandı. Sonra kilsə rəhbəri gəncdən xahiş etdi ki, Dayani və əri ilə danışmaq üçün telefonu ona versin. Eşitdikləri onun çox xoşuna gəldi və o, Müqəddəs Kitab dərsinə başlamaq istədi!
Qısa vaxt ərzində Dayani və onun həyat yoldaşı kilsə rəhbəri də daxil olmaqla ucqar kənddə yaşayan altı nəfərlə Müqəddəs Kitab dərsinə başladı. Onlardan bəziləri köşkdəki həmin telefon vasitəsilə artıq məsihi yığıncaqlarına da qoşulurlar. Onlardan biri skamya düzəltdi ki, Müqəddəs Kitabı araşdıranda yerləri rahat olsun.
Dayani və onun həyat yoldaşı ucqar ərazidə Padşahlıq xəbərini çatdırmaq üçün yaranmış bu imkana görə çox minnətdardırlar. Dayani deyir: «Yehova elə edib ki, insanlar harada yaşamalarından asılı olmayaraq xoş xəbəri eşidə bilsinlər».