İbadət evləri ictimaiyyətə necə təsir bağışlayır?
Artıq bir əsrdən çoxdur ki, Yehovanın Şahidləri toplaşdıqları ibadət yerlərini inşa edir. Ola bilsin, sizin də yaşadığınız ərazidə ibadət evləri olsun. Bu tikililər yaşadığınız ərazidəki insanlara necə təsir bağışlayır?
«İctimaiyyətə xoş bir hədiyyə»
İbadət evləri yerləşdiyi ərazini gözəlləşdirəcək şəkildə dizayn edilir. Birləşmiş Ştatlarda ibadət evlərinin inşaatının nəzarət işinə kömək edən Ceyson deyir: «Məqsədimiz odur ki, hər bir ibadət evi ərazidəki tikililərin ən gözəli və ən ləyaqətlisi olsun». Dizayn qrupu ilə işləyən memar bir Yehovanın Şahidi deyir: «İstəyirik ki, tikintisini bitirdiyimiz binalar ictimaiyyətə xoş bir hədiyyə olsun və ətrafa müsbət təsir etsin».
İbadət evinin tikintisində iştirak edənlər vaxtlarını və bacarıqlarını könüllü şəkildə sərf edən Yehovanın Şahidləridir. Onlar yüksək keyfiyyətli binaların ərsəyə gəlməsi üçün əllərindən gələni əsirgəmirlər. Onların peşəkarlığı başqalarının gözündən yayınmır. Məsələn, Texas ştatının (ABŞ) Riçmond şəhərində hal-hazırda gedən layihədə yerli tikinti müfəttişi demişdi ki, ibadət evinin dam örtüyü onun indiyə qədər gördüyü ən yaxşı dam örtüyüdür. Yamayka adasında tikinti müfəttişi bir qrup yeni müfəttişi ibadət evinin tikinti layihəsinə aparıb onlara demişdi: «Bu insanlara görə heç vaxt narahat olmağa ehtiyac yoxdur. Yehovanın Şahidləri planlara dəqiqliklə əməl edir və hətta yerli tikinti qanunlarının tələb etdiyindən daha artığını edirlər». Florida ştatının (ABŞ) bir şəhərində tikinti müfəttişi isə belə demişdi: «Xəstəxanaları və böyük dövlət layihələrini təftiş etmişəm, amma heç birində belə təşkilatçılıq görməmişəm. Sizə afərin!»
Ətrafa müsbət təsir
İbadət evindəki görüşlər orada iştirak edənlərin həyatına müsbət təsir bağışlayır. Bu görüşlər iştirak edənlərə daha yaxşı ata, ana və övlad olmağa kömək edib. İbadət evinin dizayn qrupu ilə işləyən Rad deyir: «Hər bir ibadət evi təlim mərkəzidir. Orada tədris olunan yüksək əxlaq normalarının bütün ictimaiyyətə faydası var. Həyatda çoxlu çətinliklər var, amma burada siz həmişə kömək tapa bilərsiniz. İbadət evlərində xoş və səmimi ab-hava hökm sürür. Təsəlliyə ehtiyacı olan və Allah haqqında daha çox öyrənmək istəyən insanlar buradan fayda əldə edə bilər».
İbadət evlərində toplaşanlar ərazilərində yaşayan insanların qeydinə qalır və təbii fəlakətlər zamanı cəld kömək əli uzadır. Məsələn, 2016-cı ildə Baham adalarında baş verən «Metyu» qasırğasından sonra Yehovanın Şahidləri 254 evi təmir etmişdi. Həmin fəlakət zamanı qonşuluqda yaşayan Vaylet adlı 80 yaşlı bir sakinin evini su basmışdı. O, yardım işləri görən bir qrup Yehovanın Şahidinə yaxınlaşıb onların göstərəcəkləri köməyə görə pul təklif etmişdi. Onlar pulu qəbul etməmişdilər, amma yenə də köməklik göstərmişdilər. Vayletin uçmuş dam örtüyünü bərpa etmiş, lövhələrini yeniləri ilə əvəz etmiş və qonaq otağının tavanını təmir edib alçipanla bərkitmişdilər. Axırda Vaylet qrupdakı hər kəsi bir-bir qucaqlamış və dönə-dönə onlara təşəkkür edib demişdi: «Siz, doğrudan da, Allahın xalqısınız!»
«Bizə çox xoşdur ki, ərazimizdə ibadət evi var»
İbadət evlərini yaxşı vəziyyətdə saxlamaq üçün Yehovanın Şahidləri yerli yığıncaqdakı dindaşlarına bununla bağlı təlim proqramları keçir. Bunun müsbət nəticələri olur. Məsələn, Arizona ştatının (ABŞ) kiçik bir cəmiyyətində bir qadın ibadət evinə gəlmək dəvətini qəbul etmişdi. O, binanın bu qədər yaxşı vəziyyətdə saxlanıldığını görüb onları tərifləmişdi. Üstəlik, onsuz da yaxşı vəziyyətdə olan binanı daha da yaxşılaşdırmaq üçün keçirilən təlim proqramları haqda eşidəndə çox təəccüblənmişdi. Qadın qəsəbənin xəbər bülletenində yazılar yazırdı. Bu hadisədən sonra həmin bülletendə yaxşı vəziyyətdə saxlanılan ibadət evinə həsr olunmuş bir məqalə dərc olundu. Məqalə növbəti sözlərlə yekunlaşırdı: «Bizə çox xoşdur ki, ərazimizdə ibadət evi var».
İbadət evlərini dünyanın hər yerində tapa bilərsiniz. Sizi ibadət evinə ürəkdən dəvət edirik. Əmin olun ki, orada sizi gülərüzlə qarşılayacaqlar.