Sizi xristian dünyasına aid etmək olarmı?
Xeyr, xristian dünyası ilə bizim heç bir əlaqəmiz yoxdur. Lakin aşağıdakı səbəblərə görə bizi məsihçi və ya məsihi, yəni İsa Məsihin davamçıları adlandırmaq düzgün olardı:
Biz İsa peyğəmbərin təlimlərinə uyğun yaşamağa və onun yolu ilə getməyə çalışırıq (İncil, 1 Peter 2:21).
İnanırıq ki, Allah-Taala bütün bəşəriyyəti seçdiyi qulu və elçisi İsa Məsih vasitəsi ilə qurtuluşa gətirəcək (İncil, Həvarilərin işləri 4:12).
Allaha dua edərkən bunu İsa Məsihin adı naminə edirik (İncil, Yəhya 15:16).
İnanırıq ki, Uca Allah qulu və elçisi olan İsa Məsihi bütün bəşərin üzərində hökmdar təyin edib (İncil, 1 Timoteyə 6:15).
Amma xristian dünyasından fərqli olaraq, Müqəddəs Yazılarda deyildiyi kimi, biz Allahın tək olduğuna inanır və buna görə də İsa Məsihin Üç üqnumun bir hissəsi olduğu fikrini qəbul etmirik (İncil, Mark 12:29). Müqəddəs Yazılarda heç bir əsası olmadığı üçün ölümündən sonra insanın ruhunun bədəndən ayrılaraq yaşamağa davam etməsi, yaxud Allahın cəhənnəmdə insanlara əbədi əzab verməsi təliminə inanmırıq. Din xadimlərini hər hansı formada başqalarından üstün edən titul və adlardan istifadə etmirik (Vaiz 9:5; Yezekel 18:4; İncil, Matta 23:8—10).